Ana zağa düşərgəsi
Ana zağa düşərgəsi və ya Ana zağa mağarası — Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində təbii sığınacaq, mağara. Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər mövcdu olduğuna görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmişdir.
== Tədqiqi ==
Ana zağa düşərgəsi Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş iri ölçülü iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir.
Arxeoloji qazıntılar nəticəsində Ana zağanın çöküntülərində litoloji cəhətdən fərqlənən üç əsas mədəni təbəqə aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta hissəsində aşkar edilmiş alt (Mezolit) və orta (Neolit) mədəni təbəqələr Neolitin sonundan ilk orta əsrlərə qədərki dövrlərə aid olan üstdəki qarışıq təbəqədən 10 sm qalınlığındakı həyat izi olmayan təbəqə ilə ayrılırdı. Mezolit dövrü materialları saxlanmış alt təbəqənin qalınlığı 1 metr, bəzən 1,2 metrə qədər idi. Bu təbəqə rəngi boza çalan, sementləşmiş, içərisində qaya - əhəngdaşı qırıqlarına rast gəlinən gillicədən iabrət idi. Mezolitin sonu ilə ilk Neolit dövrünə aid orta təbəqə ilə alt, Mezolit dövrü təbəqəsi arasında lal təbəqə yoxdur.
Orta təbəqə alt təbəqəyə nisbətən yumşaq, qəhvəyi rəngə çalan 0,2-0,6 metr qalınlığındakı torpaq qatından ibarətdir.
Ana zağ düşərgəsində Daş dövrünə aid mədəni təbəqələr (alt və orta) düşərgənin əsasən orta hissəsində, onun şimal divarını təşkil edən 30 nömrəli qayanın cənub dibində, 1965 və 1966-cı illərdə qazılmış sahədə aşkar edilmişdir.